XƏBƏRLƏR
10:22, 22.06.2026
Zuvand bölgəsinin zəngin florası öyrənilir
Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları tərəfindən Lerik rayonunun Zuvand bölgəsində floristik müşahidələr və bitki müxtəlifliyinin öyrənilməsi istiqamətində tədqiqatlar davam etdirilir.
Müşahidələr zamanı müxtəlif yüksəkliklərdə yayılan qiymətli yabanı bitki nümunələri qeydə alınmışdır. Bunlara müxtəlif rəngli çiçəklərə malik itburnu formaları, dərgil növləri, yabanı murdarça, ala qanqal, yabanı çuğundur və digər bitkilər daxildir.
Tədqiqatlar zamanı 2001 metr yüksəklikdə qayalıqlar arasında yayılan yabanı əncir nümunələri də müşahidə olunmuşdur. Həmçinin akademik Həsən Əliyevin təşəbbüsü ilə 1970-ci illərdə yaradılmış badam bağları genofond əkinləri kimi qorunub saxlanılır və öyrənilir.
Zəngin biomüxtəlifliyə malik Zuvand bölgəsi meyvə, giləmeyvə, tərəvəz və yabanı bitki genetik ehtiyatlarının qorunması və tədqiqi baxımından ölkənin mühüm ərazilərindən biri hesab olunur.