XƏBƏRLƏR
12:42, 15.09.2026
Zuvand (Lerik) dayaq məntəqəsində fermerlər üçün səyyar tarla seminarları keçirilib
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun Zuvand (Lerik) dayaq məntəqəsinin əməkdaşlarının təşkilatçılığı, kənd bələdiyyəsi və ərazi icra nümayəndəliyi ilə birlikdə fermerlər üçün səyyar tarla seminarları keçirilib.
Seminarların əsas mövzusu iqlim dəyişmələri şəraitində Zuvand bölgəsində yayılmış nadir və nəsli kəsilməkdə olan bitki nümunələrinin qorunması və mühafizəsi, mədəni bitkilərin yabanı əcdadlarının mühafizəsinin təşkili, genofond növlərinin qorunması, artırılması və səmərəli istifadəsi məsələləri olub.
Tədbirlər zamanı ərzaq bolluğunun təmin edilməsi məqsədilə taxıl, bostan və tərəvəz bitkilərinin əkin sahələrində məhsuldarlığın artırılması, aqrar sektorun inkişafı ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrdən irəli gələn məsələlər ətrafında geniş müzakirələr aparılıb.
Keçirilən səyyar tarla seminarları bölgədə bitki genetik ehtiyatlarının qorunması, kənd təsərrüfatı bitkilərindən səmərəli istifadə və fermerlərin maarifləndirilməsi baxımından əhəmiyyətli olub.