15:20, 26.10.2026
Pakistanın Pəncab Universitetinin nümayəndə heyəti Genetik Ehtiyatlar İnstitutunda səfərdə olub
26 oktyabr 2026-cı il tarixində Pakistan İslam Respublikasının Pəncab Universitetinin Molekulyar Biologiya üzrə Mükəmməllik Mərkəzinin nümayəndələri – Toxum Biotexnologiyası laboratoriyasının müdiri, professor Abdul Qayyum Rao, Bitki Transformasiyası şöbəsinin müdiri, doktor Allah Baxş Joiya və həmin şöbənin doktorantı Sahar Sadaqat Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda səfərdə olublar.
Səfər İslam İnkişaf Bankının (İİB) əks əlaqə sxemi çərçivəsində həyata keçirilən AZ1022 nömrəli “İqtisadi əhəmiyyətli və xəstəliklərə davamlı yeni pambıq xətlərinin yaradılması” layihəsinin icra planına uyğun təşkil edilib.
Səfərin məqsədi layihə çərçivəsində aparılan laboratoriya təcrübələrinin nəticələrini genetik, fizioloji və biokimyəvi markerlər əsasında təsdiqləmək, elmi təcrübə mübadiləsi aparmaq və pambıqçılıqda müasir biotexnoloji metodların tətbiqini genişləndirməkdir.
Proqram çərçivəsində bitki biotexnologiyası və genetik tədqiqatlar sahəsində təcrübə mübadiləsi, eləcə də gen redaktəsi üzrə yerli elmi kadr potensialının inkişafı nəzərdə tutulur.
Pakistanlı alimlərin səfəri Azərbaycan və Pakistan arasında elmi əməkdaşlığın möhkəmləndirilməsi, xəstəliklərə davamlı və iqtisadi əhəmiyyətli pambıq xətlərinin yaradılması istiqamətində tədqiqatların inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Səfər proqramı 8 noyabr 2026-cı il tarixinədək davam edəcək.