14:47, 17.03.2026
Genetik Ehtiyatlar İnstitutunda Novruz və Ramazan bayramları təntənəli qeyd olunub
17 mart 2026-cı il tarixində Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunda (GEİ) rəhbərliyin və Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə xalqımızın milli-mənəvi dəyərlərinin, birliyinin və etiqadının rəmzi olan Novruz və Ramazan bayramları münasibətilə tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Genetik Ehtiyatlar İnstitutunun baş direktor vəzifəsini icra edən, biologiya üzrə fəlsəfə doktoru Natavan Kələntərova kollektivi səmimi qəlbdən təbrik etmişdir. Ötən dövrlərdə institutun elmi potensialının artırılmasını qeyd edən Natavan xanım, çıxışında bu müqəddəs bayramların hər kəsin həyatında və dövlətçilik tariximizdəki xüsusi rolundan bəhs etmişdir.
Bayram münasibətilə institutun hər bir əməkdaşının əməyinin yüksək qiymətləndirilərək mükafatlandırması rəhbərliyin işçi heyətinə olan qayğısının növbəti təzahürü kimi qiymətləndirilmişdir. O, bütün əməkdaşlara cansağlığı və gələcək elmi fəaliyyətlərində daha böyük uğurlar arzulamışdır.
Həmkarlar İttifaqı Komitəsinin sədri Rzaqulu Hacıyev çıxış edərək Novruz bayramının milli, Ramazan bayramının isə dini bayramlar kimi tarixi əhəmiyyətindən, xalqımızın həyatında və bütün dünyada aşıladığı mənvi dəyərlərdən söz acdı. O, çıxışında bu bayramların birlik, bərabərlik, Allaha və valideynlərə itaət, böyüklərə hörmət, vətənə sədaqət, ailəyə məhəbbət, kimsəsizlərə qayğı və mərhəmət, bütün dünyada rifah, barışıq, sülh, ruzi-bərkət, halallıq, təqəqi, yeniık, saflıq, xeyirxahlıq və s. ali insani kefiyyətləri özündə təcəssüm etdirdiyini qeyd edib. Məhz bu xüsusiyyətlərinə görə 2009-cu ildə Novruz bayramı UNESSO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.
Sonda Rzaqulu Hacıyev Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı və institutun Həmkarlar Ittifaqı Komitəsinin idarə heyəti adından kollektivi təbrik edərək bu bayramlar münasibətilə institutun işçilərinin hər birinə Bazarstore mağazalar şəbəkəsindən bazarlıq etmək üçün plastik kartlar və azyaşlı uşaqları olan valideynlərin uşaqlarının Novruz bayramı şənliyində iştirak etməsi ücün dəvətnamələr təqdim edildiyini bildirib.