NEWS
17:16, 21.04.2026
Genetik Ehtiyatlar İnstitutunda elmi seminar keçirilib

21 aprel 2026-cı il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda növbəti elmi seminar təşkil olunub. Seminarda institutun Tərəvəz və bostan bitkiləri şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Sabir Həsənov “Allium L. cinsinin yabanı növlərinin həyat strategiyasına əsasən introduksiyası, reintroduksiyası və qorunması” mövzusunda məruzə ilə çıxış edib.

Seminar çərçivəsində Allium cinsinə aid növlərin biomüxtəlifliyi, coğrafi yayılma arealları və təsərrüfat əhəmiyyəti barədə geniş məlumat təqdim olunub. Bildirilib ki, dünya üzrə təxminən 1000 növü əhatə edən bu cinsin nümayəndələri Ön Asiya regionunda, o cümlədən Azərbaycanda, xüsusilə Naxçıvan Muxtar Respublikasında yüksək növ müxtəlifliyi ilə seçilir. Eyni zamanda, Qafqaz regionunda yayılmış bir sıra növlərin endemik xarakter daşıdığı xüsusi vurğulanıb.

Məruzəçi soğan bitkilərinin qida, dərman, dekorativ və arıçılıq sahələrində mühüm rol oynadığını qeyd edərək, onların dəniz səviyyəsindən 50 metrdən 3500 metrədək müxtəlif yüksəkliklərdə və ekoloji şəraitlərdə inkişaf etdiyini diqqətə çatdırıb. Məruzədə həmçinin A. ursinum, A. victorialis, A. paradoxum və A. lenkoranicum kimi kölgəsevər növlərin spesifik bioloji xüsusiyyətləri təhlil olunub.

Seminar zamanı bu bitkilərin ontogenez mərhələlərində müşahidə olunan dəyişkənliklər, eləcə də taksonomik qruplaşdırmanın mürəkkəbliyi ilə bağlı elmi müzakirələr aparılıb.
Sonda məruzəçi iştirakçıları maraqlandıran sualları cavablandırıb.