NEWS
10:16, 01.06.2026
Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları Qarabağ və Şərqi Zəngəzur bölgələrinə səfər ediblər
AR Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları Qurban bayramı və Müstəqillik günü münasibəti ilə institut rəhbərliyinin təşəbbüsü, Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqının dəstəyi və Genetik Ehtiyatlar İnstitutunun Həmkarlar Təşkilatının təşkilatçılığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına birgünlük səfər həyata keçiriblər.
Səfər çərçivəsində əməkdaşlar Xocalı, Xankəndi, Laçın və Ağdərə istiqamətlərində olub, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa, yenidənqurma və abadlıq işləri ilə yaxından tanış olublar. Yolboyu iştirakçılar azad edilmiş ərazilərin mövcud vəziyyətini müşahidə edərək regionda həyata keçirilən genişmiqyaslı quruculuq prosesləri barədə ətraflı məlumat əldə ediblər.
Səfərin yaddaqalan məqamlarından biri Qarabağın mühüm tarixi-memarlıq abidələrindən olan Əsgəran qalasının ziyarəti olub. XVIII əsrdə Qarabağ xanlığının müdafiəsi məqsədilə inşa edilmiş qala möhtəşəm divarları və qüllələri ilə bölgənin ən dəyərli tarixi abidələrindən biri hesab olunur. İştirakçılar abidənin tarixi və memarlıq xüsusiyyətləri ilə yaxından tanış olublar.
Xankəndi şəhərində əməkdaşlar Azərbaycanın Qarabağda qazandığı tarixi Qələbənin və dövlət suverenliyinin bərpasının rəmzi olan Zəfər tağını ziyarət ediblər. Həmçinin Qarabağ Universitetinin yeni tədris korpusu, şəhər stadionu və müasir istirahət parkları ilə tanış olublar. Şəhərdə aparılan abadlıq və infrastruktur layihələri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Səfər zamanı əməkdaşlar Şuşa rayonunun təbiət incilərindən biri hesab olunan İsa bulağında olublar. Adı dillər əzbəri olan bu bulağın sərin və saf suyu iştirakçılarda xoş duyğular yaradıb. Bölgənin füsunkar təbiəti, dağ mənzərələri, Həkəri çayının sahilləri, Laçın şəhərinin yaşıllıqlarla əhatə olunmuş küçələri və Seyrəngah ərazisi səfər iştirakçılarında unudulmaz təəssüratlar formalaşdırıb.
Laçın dəhlizi istiqamətində davam edən marşrut boyunca Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarının ərazilərində işğal dövrünün ağır izləri, dağıdılmış yaşayış məntəqələri iştirakçıların yaddaşında dərin iz buraxıb. Bununla yanaşı, həmin ərazilərdə həyata keçirilən yenidənqurma işləri, “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində salınan müasir yaşayış məntəqələri, ağıllı kənd və şəhər layihələri böyük məmnunluq hissi ilə qarşılanıb.
Səfər iştirakçıları Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasından sonra Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərinin miqyasını yaxından görmək imkanı əldə edib, regionun tarixi, mədəni və mənəvi irsi haqqında biliklərini daha da zənginləşdiriblər.
Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları səfərin yüksək səviyyədə təşkilinə görə Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqına, institut rəhbərliyinə və Genetik Ehtiyatlar İnstitutunun Həmkarlar Təşkilatına təşəkkürlərini bildiriblər. Səfər iştirakçılarda dərin təəssürat yaradaraq, azad edilmiş torpaqlarda aparılan bərpa və inkişaf proseslərini yaxından izləmək baxımından xüsusi əhəmiyyət kəsb edib