NEWS
10:10, 30.10.2026
Genetik Ehtiyatlar İnstitutunda CRISPR-Cas texnologiyasının kənd təsərrüfatında tətbiqi və bitkilərin genetik yaxşılaşdırılması mövzusunda elmi seminar keçirilib.
Genetik Ehtiyatlar İnstitutunda Pakistanın Pəncab Universitetinin Molekulyar Biologiya üzrə Mükəmməllik Mərkəzinin (Centre of Excellence in Molecular Biology – CEMB) professoru Abdul Qayyum Raonun iştirakı ilə müasir gen redaktəsi texnologiyalarının kənd təsərrüfatında tətbiqinə həsr olunmuş elmi seminar keçirilib.
Seminarda CRISPR-Cas gen redaktəsi texnologiyasının bitkilərin genetik yaxşılaşdırılmasında tətbiq imkanları, iqlim dəyişmələrinə davamlılığın artırılması və kənd təsərrüfatı bitkilərinin məhsuldarlıq göstəricilərinin yaxşılaşdırılması məsələləri diqqət mərkəzində olub.
Professor Abdul Qayyum Rao təqdimatında pambıq bitkisi üzərində apardıqları elmi tədqiqatların nəticələrini bölüşərək CRISPR-Cas texnologiyasının bitkilərdə hədəf genlərin dəqiq modifikasiyası vasitəsilə arzuolunan əlamətlərin formalaşdırılmasında rolunu izah edib. O, gen redaktəsinin zərərvericilərə və xəstəliklərə qarşı davamlılığın artırılması, eləcə də yüksək temperatur, quraqlıq və digər əlverişsiz ekoloji amillərə tolerantlığın gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Seminarda müasir molekulyar-genetik və biotexnoloji metodların ənənəvi seleksiya üsulları ilə inteqrasiyasının perspektivləri də müzakirə olunub. Qeyd edilib ki, bu texnologiyaların məqsədyönlü tətbiqi seleksiya prosesinin səmərəliliyinin artırılmasına, faydalı təsərrüfat əlamətlərinə malik, biotik və abiotik stresslərə davamlı bitki genotiplərinin yaradılmasına mühüm töhfə verə bilər.
Tədbir zamanı CRISPR-Cas texnologiyasının Azərbaycan və Pakistanın kənd təsərrüfatı üçün aktual olan problemlərin həllində, yerli torpaq-iqlim şəraitinə uyğun bitki sortlarının inkişaf etdirilməsində və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində tətbiq perspektivlərinə toxunulub. Xüsusilə su ehtiyatlarından səmərəli istifadə, məhsul itkilərinin azaldılması və iqlim dəyişmələrinin kənd təsərrüfatına təsirlərinin minimuma endirilməsi baxımından bu istiqamətdə aparılan tədqiqatların əhəmiyyəti qeyd edilib.