NEWS
15:09, 06.11.2026
Genetik Ehtiyatlar İnstitutunda Zəfər Günü qeyd olunub
2026-cı il noyabrın 6-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunda 8 Noyabr – Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə İnstitutun baş direktoru vəzifəsini müvəqqəti icra edən, biologiya üzrə fəlsəfə doktoru Natavan Kələntərova açaraq, Zəfər Gününün Azərbaycan xalqının müasir tarixində ən əlamətdar və qürurverici hadisələrdən biri olduğunu vurğulayıb. O, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbənin xalqımızın milli birliyinin, dövlətimizin qüdrətinin və ordumuzun qəhrəmanlığının təntənəsi olduğunu qeyd edib.
Tədbirdə çıxış edən Biokimyəvi genetika və texnologiya şöbəsinin aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Əkbər Kərimov Zəfər Gününün tarixi və mənəvi əhəmiyyətindən danışıb. O, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi birlik və həmrəyliyin, Azərbaycan Ordusunun qəhrəmanlığının və şəhidlərimizin fədakarlığının tarixi qələbənin əldə olunmasında mühüm rol oynadığını vurğulayıb. Qeyd edib ki, bu Zəfər xalqımızın yaddaşında əbədi yaşayacaq və gələcək nəsillər üçün vətənpərvərlik nümunəsi olacaq.
Tədbirdə çıxış edən Genetik Ehtiyatlar İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin sədri Rzaqulu Hacıyev Zəfər Gününün təsis edilməsinin tarixi əhəmiyyətindən danışıb. O, 8 Noyabr-Zəfər Gününün Azərbaycan xalqının hərb tarixinə qızıl hərflərlə yazıldığını vurğulayaraq, bu qələbənin xalqımızın həmrəyliyinin, milli ruhunun və Vətənə bağlılığının parlaq nümunəsi olduğunu bildirib. Çıxışında şəhidlərin və qazilərin fədakarlığının daim yüksək qiymətləndirilməsinin, əldə edilmiş tarixi Zəfərin qorunub saxlanılmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd edib.
Tədbirin sonunda Vətən müharibəsinin qəhrəmanlarına və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.