NEWS
17:44, 26.11.2026
AR ETN Genetik Ehtiyatlar İnstitutunda digər struktur bölmələri və Elmi-Tədqiqat Bazalarının illik hesabatları dinlənilib
26 noyabr 2026-cı il tarixində Genetik Ehtiyatlar İnstitutunda elmi-tədqiqat işlərinin illik hesabatlarının dinlənilməsi çərçivəsində institutun digər struktur bölmələrinin və Elmi-Tədqiqat Bazalarının hesabatları müzakirə olunub.
İnstitutun icraçı direktoru, baş direktor vəzifəsini icra edən biologiya üzrə fəlsəfə doktoru Nigar Kərimova və Elmi-Metodiki Komissiyanın sədri, biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmovun rəhbərliyi ilə keçirilən iclasda Elmi Şuranın üzvləri, laboratoriya, şöbə və sektor müdirləri, eləcə də institutun əməkdaşları iştirak ediblər.
İclasda Kənd Təsərrüfatı Heyvanlarının Genetik Ehtiyatları və Beynəlxalq və İctimaiyyətlə Əlaqələr şöbələrinin, Abşeron Təcrübə Təsərrüfat Bazasının, Qarabağ Elmi-Tədqiqat Bazasının, Zuvand və Saray Dayaq Məntəqələrinin, Tovuz, Şəki və Ağdaş Elmi-Tədqiqat bazalarının, həmçinin Quba Bölgə Təcrübə Bazasının rəhbərləri hesabat dövründə görülmüş işlər, həyata keçirilmiş tədbirlər və fəaliyyət istiqamətləri barədə məruzələrlə çıxış ediblər.
Təqdim olunan hesabatlarda həyata keçirilən tədbirlər, əldə olunan elmi və praktiki nəticələr, nəşr edilmiş elmi əsərlər, elmi konfrans və seminarlarda iştirak, xidməti ezamiyyətlər, eləcə də digər fəaliyyət istiqamətləri üzrə görülmüş işlər barədə ətraflı məlumat verilib.
Müzakirələr zamanı struktur bölmələrin fəaliyyəti ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Eyni zamanda, mövcud fəaliyyətin təkmilləşdirilməsi, işin səmərəliliyinin artırılması və qarşıda duran vəzifələrin daha səmərəli icrası ilə bağlı tövsiyə və təkliflər səsləndirilib.
İclasın sonunda təqdim olunan hesabatlar müzakirələrin nəticələrinə əsasən yekdilliklə qəbul edilib.