НОВОСТИ
14:48, 04.02.2026
Genetik Ehtiyatlar İnstitutunda elmi seminar keçirilmişdir
AR ETN Genetik Ehtiyatlar İnstitutunda 4 fevral 2026-cı il tarixində “Venoz trombozların patogenezində trombofilik gen mutasiyalarının rolu” mövzusunda elmi seminar keçirilmişdir. Seminar institutun doktorantı Əsmər Məhərrəmova tərəfindən aparılmışdır.
Seminarın əsas məqsədi venoz trombozların yaranması və təkrarlanmasında genetik faktorların rolunu elmi baxımdan araşdırmaq, trombofilik gen mutasiyalarının patogen mexanizmlərdəki iştirakını təhlil etmək, həmçinin bu sahədə aparılmış tədqiqatların nəticələrini elmi ictimaiyyətə təqdim etmək olmuşdur.
Tədbir zamanı venoz trombozların patogenezində trombofilik gen mutasiyalarının və genetik polimorfizmlərin əhəmiyyəti müqayisəli şəkildə izah edilmişdir.
Ə.Məhərrəmova qeyd etmişdir ki, təqdim olunan tədqiqat dissertasiya işi çərçivəsində aparılmış araşdırmaların bir hissəsini əhatə edir. Araşdırmanın əsas istiqaməti Azərbaycanda təkrarlanan venoz tromboz diaqnozu qoyulmuş xəstələrdə trombofilik gen mutasiyalarının genetik profilinin müəyyən edilməsi və bu mutasiyaların rekurrent venoz trombozun formalaşmasındakı rolunun qiymətləndirilməsidir.
Sonda gənc alim seminar iştirakçılarının suallarını cavablandırmış, tədqiqatın nəticələri geniş müzakirə olunmuşdur.