16:20, 25.09.2026
Genetik Ehtiyatlar İnstitutunda 27 sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilmişdir
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunda 27 sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilmişdir.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Tədbiri giriş sözü ilə İnstitutun baş direktor vəzifəsini icra edən, b.ü.f.d. Natavan Kələntərova açaraq bildirmişdir ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın müasir hərb tarixinin ən şanlı səhifələrindən biridir. 44 gün davam edən müharibə nəticəsində işğal altında olan torpaqlarımız azad edilmiş, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmuşdur. Əldə edilən Zəfər xalqımızın birliyinin, milli iradəsinin və Azərbaycan Ordusunun qəhrəmanlığının parlaq ifadəsi kimi tarixə düşmüşdür.
Natavan Kələntərova çıxışında qeyd etmişdir ki, bu Zəfərin əldə olunmasında Vətən uğrunda canından keçmiş şəhidlərimizin fədakarlığı əvəzsizdir. Şəhidlərimizin müqəddəs xatirəsini yaşatmaq, onların qəhrəmanlıq yolunu gələcək nəsillərə çatdırmaq hər birimizin mənəvi borcudur.
Daha sonra İnstitutun Həmkarlar Təşkilatının sədri Rzaqulu Hacıyev çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-nin ölkəmizdə Anım Günü kimi qeyd edilməsinin əhəmiyyətindən danışmışdır. O, şəhidlərimizin həyat və döyüş yolundan nümunələr gətirmiş və onların Vətən qarşısındakı fədakarlığının gələcək nəsillər üçün örnək olduğunu vurğulamışdır.
Rzaqulu Hacıyev Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin və sağlamlıqlarını itirmiş qazilərin xalqımız tərəfindən daim böyük ehtiram və hörmətlə yad edildiyini bildirmişdir.
Ardınca Genetik Ehtiyatlar İnstitutunun baş aqronomu Xosrov Kərimli çıxış etmişdir. O, bu gün şəhidlərimizin əziz xatirəsini yad etmək üçün bir araya gəldiklərini bildirmişdir. Xosrov Kərimli qeyd etmişdir ki, şəhidlərimizin ruhunun şad olması üçün hər birimiz öz işimizə məsuliyyətlə yanaşmalı, Vətənə və dövlətə layiqli töhfə verməliyik. O, şəhid ailələrinə və qazilərə hər zaman diqqət və dəstək göstərilməsinin vacibliyini vurğulamışdır.
Tədbirin sonunda şəhidlərin xatirəsinə və Vətən müharibəsi qəhrəmanlarına həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.