НОВОСТИ
09:26, 28.09.2026
Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları beynəlxalq təlim proqramında iştirak ediblər
22–25 sentyabr 2026-cı il tarixlərində Pakistanın Lahor şəhərində yerləşən Pəncab Universitetinin Molekulyar Biologiya üzrə Mükəmməllik Mərkəzində (CEMB) “İqlimədavamlı kənd təsərrüfatı üçün genom redaktəsi və bitki biotexnologiyası potensialının gücləndirilməsi” mövzusunda beynəlxalq dördgünlük təlim proqramı keçirilib.
Təlimdə Azərbaycan, Pakistan, Özbəkistan, Tacikistan və Banqladeşdən olan tədqiqatçılar iştirak ediblər. Azərbaycanı Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun Texniki və yem bitkiləri şöbəsinin elmi işçisi Orxan Bayramlı və Sitogenetika şöbəsinin elmi işçisi Rəhim Rəhimov təmsil ediblər.
Proqram çərçivəsində iştirakçılara CRISPR/Cas genom redaktəsi, molekulyar seleksiya, genetik transformasiya və müasir bitki biotexnologiyası üzrə nəzəri və praktiki təlimlər keçirilib. Təlimdə müasir biotexnologiyaların iqlim dəyişikliklərinə davamlı kənd təsərrüfatı bitkilərinin yaradılmasında tətbiqi məsələlərinə xüsusi diqqət yetirilib.
COMCEC-in maliyyə dəstəyi və COMSTECH-in təşkilati dəstəyi ilə keçirilən proqram elmi təcrübə mübadiləsi, peşəkar əlaqələrin genişləndirilməsi və bitki biotexnologiyası sahəsində beynəlxalq əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli olub.
Təlimin sonuncu günündə iştirakçılar Faisalabad Kənd Təsərrüfatı Universitetinə (UAF) və Ayub Kənd Təsərrüfatı Tədqiqat İnstitutuna (AARI) səfər edərək müasir laboratoriyalar, biotexnoloji tədqiqatlar və pambıq seleksiyası üzrə aparılan işlərlə tanış olublar.
Genetik Ehtiyatlar İnstitutunun əməkdaşlarının beynəlxalq təlimdə iştirakı müasir biotexnologiyalar üzrə peşəkar bilik və bacarıqların artırılmasına, həmçinin beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsinə töhfə verib.