25 noyabr 2026-cı il tarixində Genetik Ehtiyatlar İnstitutunda elmi-tədqiqat işlərinin illik hesabatlarının dinlənilməsi davam etdirilib. İclasda Texniki və yem bitkiləri, Biokimyəvi genetika və texnologiya, İmmunogenetika, Molekulyar sitogenetika şöbələrinin, eləcə də Molekulyar genetika və genomika şöbəsi və Beynəlxalq kompüter genomikası laboratoriyasının illik fəaliyyətinin nəticələri təqdim olunub.
Hesabatlarda pambıq nümunələrinin qiymətləndirilməsi, taxıl və paxlalı bitkilərin biokimyəvi göstəricilərinin araşdırılması, buğdanın perspektivli hibrid formalarının seçilməsi, bitkilərin molekulyar-genetik və bioinformatik tədqiqi istiqamətində əldə olunan nəticələr diqqətə çatdırılıb.
İclas zamanı elmi işçilərin sualları cavablandırılıb, hesabatlarda təqdim olunan nəticələr ətrafında geniş müzakirələr aparılıb, tədqiqatların təkmilləşdirilməsi və səmərəliliyinin artırılması ilə bağlı təklif və tövsiyələr səsləndirilib.